At ölümü

Mehdi Mehdizadeh · 11 Avqust 2024, 21:34 · 232 baxış

Babam dünyasını dəyişəndə mənim hələ beş yaşım vardı. O günləri çətinliklə xatırlasam da, bircə şeyi heç vaxt unutmuram: atam ağlayırdı. Babamın ölümü tək onu deyil, bütün kənd camaatını sarsıtmışdı. Hamı axın-axın bizim kəndə, evimizə gəlib başsağlığı verirdi. Deyilənə görə, babam çox zəhmətkeş biri olub, həm sovet dövründə, həm də ondan sonra, bir an olsun işsiz dayanmayıb. Buna görə də hər zaman evində bişirməyə nəsə tapılarmış. Doğrusu, onun üçün doxsanlardan əvvəl də, sonra da eyni idi; o, zəhmətkeş biri olmuşdu. Təkcə ailənin deyil, həm də başqalarının – onun qapısına çörək üçün gələn qonşularının belə dadına çatmışdı. Babam haqqında bildiklərim ancaq bunlardı; qısaca, yaxşı biri olub.

Babamın bir atı vardı – ona "Sarıay" deyə çağırardı. Deyilənə görə, bir dəfə babam meşədən gələn zaman canavarlar ona hücum edibmiş, Sarıay bir göz qırpımında hamısını qovub, böyük şücaət göstərərək babamı xilas edib. Təsəvvür edin, hələ onun üzərində yük də varmış, bununla belə var gücü ilə mübarizə aparıbmış. Məhz buna görə də babam Sarıayı çox sevirdi. İnsanlar çox vaxt qorxduqlarına görə təzim edirlər, heyvanların bəziləri isə yemək üçün yaltaqlanar, amma Sarıay başqa cür idi; onda mərdlik və nəciblik vardı.

Sarıayla bir şəklim vardı. Təsadüfən kəndə şəkilçəkən gəlmişdi, atam da məni Sarıayın üzərinə mindirib bu anı əbədiləşdirdi. O şəkli xatirə kimi hələ də saxlayıram. Həmin şəkil çəkiləndə Sarıay çox qoca idi, daha doğrusu heydən düşmüşdü. Bir şey də yadımdadır ki, babamın öldüyü gün Sarıayın hərəkətləri qəribə idi. Deyilənə görə, Sarıay doğulanda çox arıq olubmuş, babam onu digər heyvanlardan ayıraraq təkcə böyüdüb, hətta körpə uşaq kimi əli ilə yedizdirirmiş. Atam bu haqda danışanda təəssüflə qeyd edirdi ki, "kaş babam bizə də beləcə diqqət yetirə və vaxt ayıraydı". Babam zəhmli kişi olubmuş, oğulları ilə özü arasında sərhəd saxlayarmış. Axı o vaxtın dəyərləri ilə indikilər uzlaşmır, düzü, buna məntiqli əsas da vermək olmur. Babamın zəhm qalası ancaq Sarıay üçün açılardı. Əvvəllər onu sadəcə uzaq yollar üçün minik vasitəsi kimi istifadə edərdi. Yük daşıyanda isə çalışardı onu çox incitməsin. Elə ki babam xəstələndi, yük işi hamısı Sarıayın boynuna qaldı. Düzü, babam xəcalət çəkirdi, ancaq başqa çarəsi qalmamışdı. Atı yəhərləyər, tez-tez odun dalınca meşəyə yollanardı. Elə belə günlərin birində Sarıay onu canavarlardan xilas etmişdi. Nə etmək olar, ölüm elə bir şeydir ki, hara gedirsən get, bir gün mütləq sənin qapını döyəcək.

Babam artıq yatağa düşəndə, Sarıayı meşəyə odun dalınca atam özü aparırdı. Nə qədər çətin də olsa, babam öz sevimli övladını atama etibar etmişdi. Özündən başqa heç kimə Sarıaya toxunmağa və yük daşımağa icazə verməzdi. Hətta bir dəfə əmimi icazəsiz atla başqa kəndə getdiyi üçün öldürəcəkdi. İndi isə babam məcbur qalmışdı, başqa çarəsi yox idi; müharibədən sonrakı illərdə Sarıaydan başqa bütün heyvanlar satılmışdı. O zamanlar pula ehtiyac çox idi, ancaq bircə Sarıay puldan dəyərli idi, əlbəttə ki, babam üçün. Bir də ki, babam vəsiyyət etmişdi ki, əgər o ölsə, Sarıay yəhərdən azad olacaq və azad da yaşayacaqdı.

Həmin gözlənilməz qara gün gəldi. Ölüm babamın qapısını döyəndə, Sarıay tövlədən ildırım sürəti ilə atıldı, kəndiri qırmışdı. Babam kimi o da zəhmli idi, sözünün ağası idi. Kəndiri necə qırdığını heç kim təsəvvür belə edə bilmirdi; bu, sadəcə möcüzə idi.

Sonra babamın tabutu kənd camaatının çiynində evdən qəbiristanlığa gedəndə at da onu müşayiət elədi. Hətta imkan olsaydı, babamı bir az o da aparardı. Ancaq sadəcə susur və yavaş-yavaş bizimlə birgə qəbiristanlığa doğru irəliləyirdi.

Babamı basdırdıq. Mən uşaq idim deyə çox yaxına buraxmadılar. Qıraqdan baxdım, hər kəs növbə ilə babamın üzərinə torpaq atırdı. Onu basdırdıq. Hamı geriyə qayıdan zaman, Sarıay babamın qəbrinin üzərinə yerə yayxandı, başını babamın torpağına qoydu, ətrafı seyr etməyə başladı.

Gecə çox narahat idim. Əmimə dedim ki, Sarıayı birdən canavarlar yeyər, axı o heç gecə boyu da qayıtmadı. Əmim gülərək dedi: “Sarıay baban kimidir, onun belini ancaq Əzrail yerə vura bilər”.

Səhər yuxudan durub Sarıayı tövlədə görəndə çox sevinmişdim. Babamın vəsiyyətinə uyğun olaraq, ona yəhər vurmadılar. Təəssüf ki, bu vəziyyət bir ay davam etdi. Çətin idi, yük daşımaq üçün təzə at almağa pul yox idi. Məcbur Sarıayı yəhərləyib odun dalınca meşəyə yolladıq. Həmin il qış sərt keçdi, bir gün Sarıay yükdən qayıdanda qapının ağzında çöküb qaldı. Əmim tez yükünü boşaldıb cəld atamı çağırdı, atam isə öləcəyini dedi. Həmin gecə eyvandan səhərə kimi Sarıayın yerdə uzanmış bədəninə tamaşa etdim. Uşaq idim, yuxuya dözmüm yox idi. Səhər ayılanda Sarıayı yerində görməyib təəccüblə atamdan nə baş verdiyini soruşdum. O da atın hara getdiyindən xəbərsiz idi. Fikirdən dəli olurdum. Nəhayət günortaya yaxın əmim xəbər gətirdi: Sarıay babamın qəbrinin üzərində gedərək elə oradaca ölüb.

İndi yaddaşlara xatirə kimi həkk olunan Sarıayla çəkdirdiyim şəklə baxanda hiss edirəm ki, o, ağır yüklərdən, soyuq qışdan və çətin günlərdən ölməyib. Onun ölümü bizim hamımızın ölümü kimidir: böyük, cəsarətli və mənasız.

---

 

Yazarın ən çox oxunulan postları

At ölümü
11 Avqust 2024, 21:34 - 232 baxış
Generic placeholder image
Rok cəmiyyətinin günahı

Fehruz Rza

25 Avqust 2023, 19:02

Generic placeholder image
“Yenidənqurma”nın alovlandırdığı qatar

Fehruz Rza

25 Avqust 2023, 19:38

Generic placeholder image
At ölümü

Mehdi Mehdizadeh

11 Avqust 2024, 21:34