Rok cəmiyyətinin günahı
Azərbaycanda rokun təxminən 50 illik tarixi var. Bütün ölkələrdə olduğu kimi 1960-cı illərdə Azərbaycanda da ilk rok qrupları başqa qrupların – xüsusilə “Led Zeppelin”, “Jimi Hendrix” və “Beatles” kimi qrupların – musiqisini ifa edərək səhnəyə gəliblər. Bunlar yarı məktəblilər, yarı da universitet tələbələrindən ibarət olub. Ümumi desək, 1970-ci və 1980-ci illərdə Azərbaycanda caz və rok birlikdə inkişaf edib. Azərbaycanın ilk rok qruplarından sayılan “Experiment Ok” qrupu SSRİ-nin ən repressiv dövründə Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə “Jimi Hendrix” qrupunun musiqisini ifa edib. SSRİ-nin ən depressiv və Soyuq müharibə vaxtı bunlar etmək elə rok cərəyanın özündə olduğu kimi kiçik inqilabın böyük başlanğıcı idi. “Experiment Ok” qrupundan sonra yeni qruplar yaransa da totalitar rejimin təzyiqləri üz-üzə qalaraq fəaliyyətlərini dayandırıblar. Bu proses Rasim Müzəffərli və Çingiz Mustafayevin başçılığı ilə “Cəngi” birliyini yaratmaqları ilə sona çatdı. 1981-ci ildə “Cəngi” birliyinin təşəbbüsü ilə “Ozan” qrupu yaradıldı. Milli kimliyin unudulduğu bir dövrdə Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqa şairlərin şeirlərinə musiqilər bəstələyib, xalqı milli oyanışa çağırırdılar. Şeir və bəstələnən musiqilərdəki mesajlar o simvolik idi ki, bu SSRİ hakimiyyətinin diqqətini belə çəkmirdi. Ancaq digər Sovet Respublikalarında fəaliyyət göstərən rok qruplarına müxtəlif təzyiqlər edilirdi. 10 il davam edən bu milli oyanış 1990-ci il 20 Yanvar hadisəsindən sonra bir müddətlik məcburi dayandı. Tarix boyu bütün müharibələr musiqi, xüsusilə də rok musiqisinin inkişafının qarşısını kəsib. Ancaq bu, Azərbaycanda tamamilə fərqli oldu. Çox qəribə səslənsə də Birinci Qarabağ müharibəsi zamanı Bakı və Sumqayıt şəhərlərində artıq yeni bir rok cərayanı yaranmışdı.
Tarixin təzadı budur ki, “AC/DC”, “Pantera”, “Metallica” və “The Black Crowes” 1991-ci ildə Moskvada musiqi tarixinin ən böyük ikinci konsertini (1.600.000 tamaşaçı) verəndə Azərbaycan müharibə vəziyyətində idi. 1993-cü il isə Azərbaycan rok musiqisində yeni dalğanın başladığı tarixdir. Ona görə ki, bu ildə iki “Rokoko” və “Rok Qranit” adlı rok festivalları keçirilib. 1993-cü ilin fevralında keçirilən “Rokoko” festivalının əsas qrupu proqresiv art-rok janrında ifalar edən “Charley Atl”, həmin ilin oktyabrında keçirilən “Rok Qranit” festivalının əsas qrupu o dönəmlər heç kimə məlum olmayan “ColDünya” olub. Ancaq yenə də müharibə dövründə yeni-yeni qruplar yaransa da, rok inkişaf etsə də bunun pis cəhətləri də var idi.
Müharibə, sözsüz ki, müharibə sənətin düşmənidir. Məhz müharibə dövründə bir çox erməni və rus musiqiçi Azərbaycanı tərk etməli oldu. Bu ermənilər və ruslar öz ölkələrinə yox, ABŞ-a getdilər. Məsələn, Rafiq Babayevin qrupunun yeganə yaşayan üzvü - əslən erməni olan Yuri Sərdarov indi Çikaqo şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. Məşhur Əzizə Mustafazadənin öz karyerasını Azərbaycanda davam etdirməməyinə təəccüblənməmək lazımdır.
Rejim, hər nə qədər gənc nəsil “92-93-də çölə çıxa bilmirdik” yalanına inansa da, faktlar bunu göstərir ki, elə məhz bu dövrdə rok festivallar (yuxarıda adlarını çəkdiklərim) , “Tac”, “Coldünya” “Charley Atl” kimi qruplar yüksəlişdə olub. “Stabillik” bərqərar olandan sonra rok musiqisində də stabillik dövrü başlayıb. Çox güman ki, rok həm etiraz musiqisi olduğu üçün, həm də rejim dəyişikliyi ilə gələn yeni məmurlar hələ də kənd ab-havasından çıxa bilmədiyi üçün buna müəyyən çətinliklər yaradılırdı.
Maddi problemlər, Azərbaycanın əsas problemi sözsüz ki, Azərbaycan musiqisinin, Azərbaycan rokunun da əsas problemidir. Avadanlıq və studiya baha olduğu üçün konsertlər də baha olur. Konsertlər baha olanda musiqiyə maraq da azalır. Bundan əlavə yeni musiqiçilər Spotify, iTunes, Amazon kimi onlayn musiqi platformalarındakı satış qabiliyyətindən nədənsə istifadə etmirlər. Çıxardıqları albomlar isə CD və DVD formatında sadəcə müəyyən mağazalarda satılır və ya əldən paylanır. Əslində 1990-cı illərdən sonra rep musiqisinin inkişafının bir səbəbi də bu idi. Musiqi alətlərindən istifadə olunmurdu, beat yazılırdı və şeir deyilirdi – bu da olurdu rep. Çox pul xərclənmirdi.
Təbliğat və təşviqat, maddi problemlərdən sonra ikinci ən böyük problemdir. Anar Nağılbazın bir zamanlar dediyi kimi, “bu xalqın sevdiyi repdir, muğamdır, sazdır”. Azərbaycanda Bakı, Sumqayıt və Gəncə şəhərləri xaricində təbliğat sıfırdır. Düşünmürük ki, hansısa rayon yerində heç məktəbə getməyə pulu olmayan bir yeniyetmə hökmən rok dinləməlidir. Amma Sovet dövründə Vyetnamdan bir qrup gəlib Zaqatalada konsert verə bilirdisə, niyə də olmasın? Rok musiqiçilərin və təşkilatçıların özü birbaşa rayonlarda konsertlər versə heç də pis olmaz. Bununla həmçinin xaricdəki ən məşhur qrupları da Azərbaycana gətirə bilərik.